“Dərin dövlətin” qərargahı Britaniyaya köçüb”| Moskva “Çemberlenə” nəyi başa salmağa çalışır?

2025/03/1741086813.jpg
Oxunub: 691     19:10     04 Mart 2025    
Tramp-Zelenski “qarşıdurması”ndan sonra Rusiyanın yalnız rəsmi deyil, həm də informasiya-təbliğat mənbələri “sükut paktını” pozdu. Xarici işlər naziri Lavrov bəyan etdi ki, ABŞ prezidenti “praktikdir, onunla işləmək asandır”, dövlət katibi Rubionu isə “ağıllı” diplomat adlandırdı. Vəziyyətlə bağlı geniş analitik məqaləni “RİA-Novosti” dövlət agentliyi dərc edib.

Məqalə Ağ Evdəki “təqdimatın əvvəlcədən planlaşdırıldığı və məzhəkəçi Zelenskinin Londonda hazırlanmış rolunu oynadığı” versiyasına əsaslanır. Müəllifin fikrincə, Amerika demokratlarının və “atlantik qlobalistlərin” və ya “dərin dövlətin” qərargahı Böyük Britaniyaya köçüb. Zelenskiyə “Trampı ifşa etmək, onun Putinlə anlaşdığını, yalnız Ukraynanı deyil, həm də kollektiv Qərbi satdığını göstərmək” tapşırılıb.

Rusiyalı analitikə görə, məqsəd Trampı ilk növbədə ABŞ-də nüfuzdan salmaq, amerikalı seçiciləri “onun zəif olduğuna, seçki vədlərini yerinə yetirə bilməyəcəyinə” inandırmaqdır. Bu, Konqresdə Trampa qarşı güclü müxalifət formalaşdırmağa imkan verəcək ki, növbəti seçkilərdə demokratlar hakimiyyətə qayıtsınlar.

“RİA-Novosti”nin şərhçisi Avropa “sui-qəsdçiləri”nin gizli məlumatlarına istinad edərək yazır ki, Fransa prezidenti Makron, Böyük Britaniyanın baş naziri Starmer, Almaniyanın gələcək kansleri Merts və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen “Ukraynaya dəstək fondu yaratmaq niyyətindədirlər”, lakin Aİ üzvü olan Macarıstan və Slovakiya bunu bloklaya biləcəyi üçün, zəruri vəsaiti ayrı-ayrı ölkələrin “ianələri hesabına” toplamaq istəyirlər.

Müəllifin fikrincə, məqsəd Ukraynanın cəbhədə “altı aydan bir il yarıma qədər tab gətirməsini” təmin etməkdir. Fransa, Böyük Britaniya və Almaniya liderlərinin hesablamalarına görə, bu müddət ərzində Kiyev danışıqlara daha güclü mövqedən gedəcək.

Lakin şərhçi “avropalı sui-qəsdçilərə” Rusiya prezidenti Putinin “dünyada vəziyyət dəyişib, çünki Rusiyanın silahlı qüvvələri cəbhədə qələbələr qazanır” bəyanatını xatırladır və əlavə edir ki, Rusiya hərbi qüvvəsi Odessa və Dnestryanıya çata bilər.

Təəssürat yaranır ki, Ağ Evdəki “qalmaqal” bütün baxımdan Rusiyaya sərf edir, çünki mövcud təmas xətti üzrə atəşkəsin əldə edilməsinə dair ABŞ təşəbbüsünü gündəmdən çıxarır və bu, hərbi əməliyyatları davam etdirmək üçün “legitim əsas” yaradır. Moskva bununla “Çemberlenə” yəni, Avropa İttifaqı və Böyük Britaniyaya başa salır ki, ukrayna məsələsində onlarla danışıqlar aparmaq üçün heç bir səbəb görmür və müharibəni altı ay və ya bir il yarım daha davam etdirməyə hazırdır. Amma bu halda, həm Odessa, həm də Dnestryanı Rusiya torpağı elan ediləcək. “Makron Putinlə əlaqələri bərpa etməkdən danışır, amma praktiki olaraq heç bir addım atmır,” - deyə Kremlin sözçüsü Peskov bildirib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin